Təhsilimiz 17 ildir Boloniya sisteminə keçib, amma...

Təhsilimiz 17 ildir Boloniya sisteminə keçib, amma...

Ölkəmizdə ciddi problemlərdən biri ali təhsilin keyfiyyətinin qiymətləndirilməsindədir

Ölkədə texnoloji və iqtisadi proseslərdə kardinal dəyişikliklər gedir, əlbəttə ki, bu çağırışlara cavab verən mütəxəssislər də yetişməlidir. Ölkənin ali məktəbləri 17 ildir ki, Boloniya prosesinə qoşulub, lakin müşahidələrimiz göstərir ki, bu proses də özünü yetərincə doğrultmadı.

Boloniya sisteminin əsas məqsədi "Vahid Avropa Təhsil Məkanı"na inteqrasiya olmaq idi. Bu, bizlərə imkan verirdi ki, müəllim və tələbələrimiz xarici ölkələrdə işləyib, oxuya bilsinlər. Lakin indi vəziyyət dəyişib. Bakalavr və magistr pillələrinə tələbat dəyişir. 40-50 faiz tələbə gələcəyin mühəndis kimi yetişməlidir.

Təhsilin modernləşməsi təcridolunma yolu ilə baş verə bilməz. İstisnalar da var. Təhsil sistemi effektiv olan ABŞ, Hindistan, Çin Boloniya sisteminə daxil deyil. Bu, onlarda təhsilin inkişafına maneçilik törətməyib. Biz ali məktəblər arasında tələbə mobilliyini genişləndirməliyik.

Boloniya sisteminin tədqiqatçılarının fikrinə görə, 2 illik magistratura pilləsi vaxt baxımından məqbul deyil. Fransada mühəndis məktəblərində 5 illik proqram, Çində də 5 illik bakalavr təhsili+magistratura proqramları qüvvədədir. Mənə belə gəlir ki, biz də ayrı-ayrı proqramlarda qabacıl təcrübələri nəzərə almalıyıq.

Ölkəmizdə ciddi problemlərdən biri ali təhsilin keyfiyyətinin qiymətləndirilməsindədir. Mühüm indikatorlardan biri müəllim keyfyyəti olmalıdır. XXI əsrin müəlliminin qarşısına qoyulan tələblər üzrə ali məktəblərdə dinləmələr, diskussiyalar  keçirilməlidir. İKT sahəsində kadr hazırlığı orta məktəblərdən başlamalıdır.

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektorların 5 il müddətinə təyin edilməsi haqqında Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir göstərir.

Müəllif: Etibar Əliyev (deputat)

Mənbə: “Facebook”