Baş prokuror: “Vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılıb”
“Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub” – Kamran Əliyev
Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub. “Avronews” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.
“İnsan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsi olub. Bütün insanların bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını təsbit edən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə edilməli olan fundamental insan hüquqlarının və əsas azadlıqların dairəsi müəyyən olunub. İnsanların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq onların hüquq və azadlıqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürüb”, - deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, Azərbaycanda beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu böyük vüsət alıb, suveren Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya qəbul edilib: “Vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi ilə bu gün də davam edən inkişafın təməlini qoymuş Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş genişmiqyaslı islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilib, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilib, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılıb, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb”.