Qarabağda ölən ermənilərin valideynləri Paşinyanın “kəlləsini” tələb edirlər – Diqqət sabaha

Qarabağda ölən ermənilərin valideynləri Paşinyanın “kəlləsini” tələb edirlər –

“Onun xain kimi ölkəni məhv etməsinə imkan verməmək üçün hamını milli birliyə çağırırıq”

Avqustun 30-da İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında etiraz aksiyası keçirməyə hazırlaşırlar. Bundan əvvəl onlar bir bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Əziz ermənilər, nəhayət ki, vətənimizi, dövlətçiliyimizi, müstəqilliyimizi xilas edək. Elə bir gün yoxdur ki, bizə yeni qurbanlar, doğma torpaqlarımızın yeni itkiləri, fəlakətlər gətirməsin. Soydaşlarımızın onilliklər boyu yaratdıqları zəngin su ehtiyatları, yataqları, tarixi-mədəni sərvətləri, yaşayış binaları, meyvə bağları ilə kəndlərimiz, torpaqlarımız gözümüzün qarşısında bir güllə belə, atılmadan düşmənə təslim olur.

Artıq bu milli rəzalətə dözmək mümkün deyil. İndi düşmən artıq Berdzorda (Laçın) bizə lağ edir, Cermuka yaxınlaşıb, Tavuş, Sisian, Tiqranaşen kəndləri çoxdan təhlükə altındadır. Bu da o haldadır ki, oğullarımız bu müqəddəs torpağın hər millimetrini qorumaq üçün canlarını əsirgəmirdilər. O müqəddəs torpaqda övladlarımızın qanı töküldü, bir çox uşaqlarımızın qalıqları hələ də aşkarlanmayıb.

Biz Artsaxın Azərbaycana təslim olmasına imkan verməməli, bununla da Əliyevin İrəvana yolunu açmamalıyıq. Bu fəlakətin qarşısını almaq üçün hələ bir yol var. Avqustun 31-də Brüsseldə üçtərəfli görüş keçiriləcək və bu görüşdə fəlakətli və alçaldıcı yeni güzəştlərdən başqa, erməni xalqı və Ermənistan dövləti üçün yaxşı heç nə gözləmək olmaz. Son 4 ildə erməni xalqının başına gətirilən fəlakətlər, o cümlədən müharibə nəticəsində insan və maddi cəhətdən dəhşətli itkilərimiz bunu sübut edir. Gəlin növbəti xəyanətkar qərarların, razılaşmaların qarşısını alaq.

Biz, artıq ən qiymətli varlığını itirmiş qəhrəmanların valideynləri hamını avqustun 30-u saat 16:00-da Baş Prokurorluğun binasının girişində toplaşmağa çağırır və Baş prokuror Artur Davtyandan tələb edirik ki, o, nəhayət, rəsmi vəzifəsini yerinə yetirərək, hazırkı Baş naziri saxlasın və 44 günlük müharibə zamanı Nikol Paşinyanı ölkəni müharibəyə təhrik etdiyinə, xain hərəkətləri və hərəkətsizliyi nəticəsində müharibədə məğlubiyyətə, minlərlə insan itkisinə və müharibədən sonra isə bir güllə atılmadan düşmənə verilmiş milyardlarla dollar məbləğində ərazi və maddi ziyana görə həbs etsin.

Biz, ilk növbədə, özünü erməni hesab edənləri, bütün siyasi qüvvələri (istisnasız), ictimai təşkilatları, milli azadlıq və müstəqillik hərəkatlarını, qəhrəmanlarımızın digər valideynlərini və yaxınlarını bu tələbə qoşulmağa – Nikol Paşinyanı həbs etdirməyə və ittiham etməyə çağırırıq. Onun xain kimi ölkəni məhv etməsinə imkan verməmək üçün 30 avqust 2022-ci il saat 16:00-da Ermənistan Baş Prokurorluğunun binasında görüşək!”.

(panorama.am)