Putinə “yubiley tortu” – Krım partlayışı
Ukrayna öz ərazisini işğaldan təmizləmək üçün istənilən əməlində tam legitim davranır, amma...
Baltik dənizində Rusiya üçün həyati əhəmiyyətli, fəxr mənbəyi olan “Şimal Axını - 1\2” naməlum səbəblərdən məhv edildi – Kreml bunu uddu. İndi də Putinin qüruru olan Krım körpüsü Putinin yubileyində ad günü tortu kimi yandı.
Hələ ki, Rusiya mediası hadisənin texniki səbəbləri haqqında danışır, birbaşa Ukraynanı günahlandırmır, amma günün sonuna Rusiyanın publik məkanında ağızların köpüklənməsinə, sözlü aqressiyanın pik nöqtəyə çatmasına şahidlik edəcəyik.
Artıq Şoyqu Kreml təbliğatçıları tərəfindən hədəfə gəlib, “günah keçisinə” bir nömrəli namizəd həyatında heç vaxt hərbi xidmətdə olmayan, amma general rütbəsində gəzən Rusiyanın müdafiə naziridir.
Ukrayna öz ərazisini işğaldan təmizləmək istəyindədir, bunun üçün istənilən əməlində tam legitim davranır. Amma həm də “stavkalar” artır – Rusiya çox vəhşi addımlar ata, Ukraynanın şəhərlərini xarabalığa çevirmək üçün əlində olan bütün vasitələrdən istifadə edə bilər.
Ümid edirəm ki, həm Ukrayna, həm də Qərb ölkələri bunu nəzərə alacaq. Qərb indi ilk növbədə ölkə səmasını tam qapatmaq üçün Ukraynanı daha effektiv hava hücumundan müdafiə vasitələri ilə sürətlə təmin etməlidir. “Yubilyar” qəzəblidir, qəzəbli adamda isə ağıl olmur...