İşğaldan azad edilmiş rayonda partlayış: bələdçi yaralanıb, it tələf olub
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib
İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib. “Avronews” Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına istinadən xəbər verir ki, hadisə avqustun 30-da qeydə alınıb.
Partlayış nəticəsində, Agentliyin minaaxtaran bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.
“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.
Qubadlı Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.