Fransa Rusiyanı Cənubi Qafqazda fəallaşdırır
“Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu, yolverilməzdir”
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Eyni gündə Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bundan başqa Lavrov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya bənzər qrup yollaya bilər.
Kreml açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatdır. Putin və Lavrovun məntiqi sadədir: “İkinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı, məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi, indi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu, yolverilməzdir”.
Fransa Prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi. Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı Kremlin fəallaşmasına şərait yaratdı.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: "Facebook"