Dünya Bankı niyə hökumətə deyil, bələdiyyələrə “pul buraxdı” – Zəlzələdən sonrakı Türkiyə
Toğrul İsmayıl: “Burada siyasi təzyiq elementləri ola da bilər, olmaya da”
Zərdüşt Əlizadə: “Burada hər hansı siyasi təzyiq elementləri axtarmağa, uzagörən nəticələr çıxarmağa ehtiyac yoxdur”
Dünya Bankı tərəfindən ayrılan 1,78 milyard dollar zəlzələ yardımı Türkiyə hökumətinə yox, layihə müqabilində yerli bələdiyyə orqanlarına veriləcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş və digər bölgələrində baş verən zəlzələlər nəticəsində minlərlə bina dağılıb, xeyli sayda insan dünyasını dəyişib.
Dünya Bankının Türkiyə hökumətinə deyil, yerli bələdiyyə orqanlarına bu yardımı etməsi ciddi müzakirələrə səbəb olub. Siyasi müşahidəçilər hesab edirlər ki, belə bir qərarın qəbul edilməsi Dünya Bankının da bilavasitə bağlı olduğu Qərbə aid təsisatların hakim “Cümhur İttifaqı”na qarşı təzyiq vasitəsidir.
Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl AYNA-ya açıqlamasında deyib ki, beynəlxalq təcrübədə bu ənənədən istifadə olunur: “Dünya Bankının yardımlar ayırdığı ölkələr üzrə seçim aparmaq hüququ var. Bunu nəyə bənzətmək olar? Misal üçün, Yaponiya hökuməti Azərbaycanda məktəblər inşa edir. Təhsilin inkişafına sərmayə ayırır. Bunu Təhsil Nazirliyinə, yaxud da digər təsisata həvalə edir. Yəni, Dünya Bankının Türkiyəyə zəlzələ yardımı ayırması və layihə müqabilində yerli bələdiyyə orqanlarına həvalə etməsi qeyri-adi bir şey deyil”.
“Düzdür, burada siyasi təzyiq elementləri ola da bilər, olmaya da. Türkiyə zəlzələ faciəsindən əziyyət çəkir və əsas diqqət də məhz bu bəlanın aradan qaldırılmasına yönələlib. Türkiyə hökumətinin də Dünya Bankının yardımı ilə bağlı rəsmi açıqlaması olmayıb”, - deyə həmsöhbətimiz bildirib.
Politoloqun sözlərinə görə, Türkiyə ictimaiyyətində zəlzələyə görə seçkilərin təxirə salınması müzakirə mövzusudur: “Lakin yekun qərar yoxdur. Hələlik müzakirə səviyyəsindədir. Bununla bağlı qərar olacaqsa, Türkiyə Parlamenti tərəfindən təsdiq olunmalıdır. Zəlzələ nəticəsində onminlərlə insan həyatını itirib, ondan dəfələrlə çox insan isə yaralanıb. Bütün Türkiyə bu zəlzələnin doğruduğu fəsadların aradan qaldırılması üçün səfərbər olunub. Bu xüsusda siyasi müzakirələr də arxa plana keçib”.
“Təbii ki, bu faciənin doğruduğu nəticələr Türkiyə iqtidarının qarşıdakı seçkilərlə bağlı reytinqini zədələyir. Qarşıdakı aylarda bu, daha aydın hiss olunacaq. O ki qaldı Qərbin Türkiyəyə təzyiqlərinə, nə iqtidar, nə də müxalifət Qərbin ruporudur. Türkiyə ictimaiyyəti hansı siyasi qüvvəyə dəstək göstərəcəksə, həmin siyasi qüvvə də seçkilərin qalibi olacaq”, - deyə İsmayıl vurğulayıb.
Əlavə edib ki, bəzi dövlətlər Türkiyə iqtidarına qarşı olsa da, müxalifətə dəstək verməyən ölkələr də mövcuddur: “Bu baxımdan da qəti rəy yoxdur. Türkiyə böyük dövlətdir. Güc sahibidir, hadisələrə təsir imkanları var. Belə bir nüfuzlu ölkədə keçirilən seçkilər təbii ki, dünyanın maraq dairəsindədir. Hər bir tərəf istəyir ki, onun maraqları təmin olunsun. Bir daha söyləmək istəyirəm ki, Türkiyə seçiciləri kimə etimad göstərəcəksə, o şəxs də dövlətin başında dayanacaq”.
Dünya Bankının Türkiyədə bələdiyyələrə yardım ayırmasını AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə söyləyib ki, Türkiyədə bələdiyyələr geniş səlahiyyətə malikdir: “Türkiyə demokratik dövlətdir. Bələdiyyələrin kifayət qədər səlahiyyəti var ki, aid olduqları ərazilərlə bağlı qərarlar versinlər. Yəni, hər şey yuxarıdan idarə olunmur. Əkrəm İmmaoğlu İstanbulun, Mansur Yavaş Ankaranın və s. rəhbəridir. Onlar müstəqil siyasət yürüdürlər. Hökumətin faktiki olaraq onlara təsir imkanları mövcud deyil”.
“Dünya Bankı da ayrılan yardımın daha səmərəli xərclənməsi üçün layihəni bələdiyyələrə həvalə edib. Hesab edirəm ki, bu, doğru qərardır. Burada hər hansı siyasi təzyiq elementləri axtarmağa, uzagörən nəticələr çıxarmağa ehtiyac yoxdur. Zəlzələ dağıdıcıdır və böyük bir ərazini xarabalığa çevirib. Onminlərlə insan zəlzələ qurbanı olub, yüzminlərlə insan dağıntılar altında qalıb. Kifayət qədər ciddi rəqəmlərdir”, - deyə analitik bildirib.
Müsahibimizin sözlərinə görə, Kahramanmaraş zəlzələsi Türkiyədə seçkilərin nəticələrinə çox ciddi təsir edəcək: “Türk xalqı fədəkar xalqdır və bu gün onu düşündürən yeganə məsələ bu faciənin nəticələrinin aradan qaldırılmasıdır. Əsas diqqət də məhz buna yönəlib. Təbii ki, bir müddət sonra Türkiyədə siyasi mübarizə qızışacaq. May ayında keçiriləcək seçkilər marafonu gərgin rəqabət şəraitində baş tutacaq. Heç şübhəsiz, yertalı təkanların doğurduğu nəticələr də seçkilərə təsirsiz ötüşməyəcək. Xüsusən, keyfiyyətsiz tikintilərlə bağlı müzakirələr hakim partiyanın qarşıdakı seçkilərdə reytinqini azaldacaq. Müxalifət isə üstünlük əldə edəcək. Amma yenə də qəti fikirlər söyləmək çətindir”.
Əlizadə seçkilərin təxirə salınmasını da mümkün variant hesab edir: “Artıq bu barədə müzakirələrə start verilib. Bu qərarı da asanlıqla qəbul etmək mümkün olmayacaq. Bir neçə ay sonra bu müzakirələr aktuallaşacaq. Hazırda Türkiyə ictimaiyyətini düşündürən əsas məsələ seçkilər yox, dağıntıların altında qalan soydaşlarının taleyidir”.