Baş Prokurorluq rəsmisi: “Hərbçilərimizin nəşləri üzərində amansız rəftar əlamətləri vardı”
“Bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq” – Nemət Əvəzov
“Son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər. Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir”.
“Avronews” xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov səsləndirib.
Onun sözlərinə görə, qeyd olunan faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb: “Hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz”.
Əvəzov başqa bir məqama da toxunub: “Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq. Cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır. Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.