Asiya ilə Avropa arasında mühüm körpü
Horadiz-Ağbənd dəmir yolu xəttinin 53 kilometrdən çoxu tikilib
2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib.
“Avronews” bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) istinadən xəbər verir.
Məlumata görə, beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq: “Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək”.
“Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64%-i yerinə yetiriib. Yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunub. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq”, - deyə ADY-dən bildirilib.