Əliyevin Macarıstan səfəri nəyə hesablanıb?
Azərbaycanın strateji mövqeyi daha da möhkəmlənir
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdədir. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab olunur. Son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub.
Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu, o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki il ilə müqayisədə 16.0 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir.
Bu rəqəmlərə rəğmən, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Macarıstan ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu, son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xətlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)
Mənbə: “Facebook”