ABŞ kəşfiyyatının şefi: “15 min ölü, 45 min yaralı var”

ABŞ kəşfiyyatının şefi: “15 min ölü, 45 min yaralı var”

Uilyam Börns: “Ukraynalılar da əziyyət çəkirlər - yəqin ki, onların itkilərinin sayı ruslardan bir qədər azdır”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – CIA) direktoru Uilyam Börns Ukraynadakı müharibə zamanı 15 minə yaxın rusiyalı hərbçinin həlak olduğunu açıqlayıb. O, iyulun 20-də Koloradoda Aspen Təhlükəsizlik Forumunda çıxış edərkən bu rəqəmi səsləndirib.

“ABŞ kəşfiyyat strukturlarının son hesablamalarına görə, təxminən 15000 nəfər ölü və təxminən üç dəfə çox yaralı var. Ukraynalılar da əziyyət çəkirlər - yəqin ki, onların itkilərinin sayı ruslardan bir qədər azdır, amma yenə də bilirsiniz, bunlar əhəmiyyətli itkilərdir”, - deyə MKİ şefi bildirib.

Börnsün sözlərinə görə, rus qoşunlarının Donbasdakı hücumları, ən azı bu an üçün Moskvanın müharibəyə başlamağın səhvlərindən dərs aldığını göstərir: “Rus qoşunları öz üstünlüyündən və atəş gücündən istifadə edərək, Ukrayna hədəflərini uzaq məsafələrdən məhv etmək və zəifliklərini kompensasiya etmək üçün daha yaxşı mövqedədir”.

Qeyd edək ki, nə Rusiya, nə də Ukrayna tərəfi öz itkiləri ilə bağlı operativ məlumat verir. Britaniya kəşfiyyatı, öz növbəsində, iyun ayında, müharibə zamanı ölən rus əsgərlərinin sayının 15-20 min nəfər olduğunu bildirmişdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu rəqəmi 38 750 ölü adlandırır. “Mediazona” və BBC-nin açıq mənbələr əsasında topladığı məlumatına görə, iyulun 15-nə olan məlumata görə, 4760 ölüm halı məlum olub.

(DW)