Prezident soyqırımı abidəsini ziyarət edib

Prezident soyqırımı abidəsini ziyarət edib

İlham Əliyev Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib. “Avronews” xəbər verir ki, dövlət başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.