Zəfər dastanının qəhrəmanları: “Bilirdik ki, qarşıda ölüm var, amma...”
İkinci Qarabağ müharibəsinin iştirakçıları öz təəssüratlarını bölüşürlər
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən iki il ötür. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək, Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə qismən səfərbərlik elan edildi.
Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabrda Moskvada imzalanan Üçtərəfli Birgə Bəyanatla döyüş əməliyyatları dayandırıldı. Yenə həmin müqaviləyə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.
AYNA Zəfər günündə İkinci Qarabağ müharibəsində iştirak edən qəhrəmanlarımızla həmsöhbət olub, onların müharibə təəssüratlarını dinləyib.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Kənan Haqverdiyev döyüşlərin başladığı ilk gün könüllü olaraq qatılmaq üçün Sabunçu Rayon Hərbi Komissarlığına müraciət edib: “Yaşımla əlaqədar məni çağırmağa tələsməsələr də, təkidli tələbimdən sonra yenidən ordu sıralarına cəlb etdilər. Müharibədə iştirak edən əsgər və zabitlər arasında ruh yüksəkliyi o səviyyədə idi ki, bir an belə, dayanmaq istəmirdik. Torpaqlarımızın işğaldan azad edilməsini görmək, bu prosesdə iştirak etmək böyük fəxarətdi”.
“Bu müharibədə iştirak edən biri kimi deyə bilərəm ki, biz bu qələbəni asanlıqla əldə etmədik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu inamla addımlayırdı, qələbəyə doğru bir addım da dayanmadı. Azərbaycan xalqı bir an bizim yanımızdan çəkilmədi. Bizə dəstək göstərdi. Bir hərbçi olaraq döyüş şəraiti barədə məlumat verə bilməsəm də, deyə bilərəm ki, ordu peşəkar döyüş hazırlığı və ruh yüksəkliyi şəraitində cəngavər kimi düşmənə qarşı döyüşürdü”, - deyə Haqverdiyev söyləyir.
İkinci Qarabağ döyüşlərində iştirak edən və şücayəti ilə ad qazanan videoqraf Vadim Eyvazoğlu noyabrın 3-də Cəbrayıl rayonu uğrunda döyüşlərə qatılıb: “Açığını desəm, evdəkilər narahat idi və mən döyüşdə olduğumu onlardan gizlətməyə çalışırdım. Nəhayət, 20 gün sonra atama etiraf etdim ki, mən könüllü olaraq döyüşlərə qatılmışam. Atam bu xəbəri eşidəndə əvvəlcə kövrəlsə də, sonradan bu qərarıma dəstək verdi. 400 könüllü Cəbrayıla gələrkən kapitan Zəka Vəliyev 15 könüllü tələb etdi və 25 əsgər təkidlə döyüşlərdə iştirak edəcəyini dedi. Məcbur olub hamımızı döyüşə apardılar”.
“Bizi təlimlərə cəlb etdilər. Orxan adlı qardaşımız ilk yaralanan yoldaşımız oldu. Təsəvvür edin ki, yollar bağlı olduğuna görə ərzaq təminatımız yox idi. Üç gün ac qaldıq. Yağış suyunu butulkalara doldurub növbə ilə içirdik və bu, bizə dünyanın ən böyük neməti kimi gəlirdi”, - deyə həmsöhbətimiz danışır.
Deyir ki, bütün risklərə və təhlükələrə baxmayaraq, əsgərlər bir addım belə, geri çəkilmirdilər: “Bölük komandiri Sadıx Quliyev “Qurd ürəkli komandir” kimi məşhurluq qazanıb. Biz onun rəhbərliyi altında Qubadlının işğaldan azad edilməsində iştirak etdik. Çox şərəfli günlər idi. Hər an ölüm riski olsa da, qətiyyən qorxmur və cəsarətlə düşmənin üzərinə yeriyirdik”.
“Qubadlı yolunda ərzaq təminatı apararkən ermənilər bizə hücum etdilər. Onlar biz tərəfə atış açsalar da, onları sıradan çıxardıq. Çox mətinliklə döyüşürdük. Cəbrayılda ayağımdan zədə aldım və buna baxmayaraq yenidən döyüşlərə qatıldım. Məni hospitala göndərmək istəsələr də, mən qələbə qazanana qədər müharibədə iştirak edəcəyimi bildirdim. Sağ olsunlar ki, bu xahişimi nəzərə aldılar. Axsaya-axsaya da olsa, sona qədər döyüşlərdə iştirak etdim”, - deyə Eyvazoğlu bildirir.
Qazi Səyyad Niftiyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib: “Təsəvvür edin ki, döyüşçülər bilirdilər ki, ərazidə minalar basdırılıb, lakin buna baxmayaraq, rahat hərəkət edir, bir an da düşmənin qarşısından geri çəkilmirdilər. Suqovuşan uğrunda gedən söyüşlərdə iştirak etdikdən sonra Laçın uğrunda döyüşlərə cəlb edildik. Çox sayda döyüş yoldaşımız şəhid oldu. Hər an ölüm təhlükəsi ilə düşmənlə müharibəyə cəngavər kimi atılırdıq”.
“Bir keçmiş hərbçi olaraq hərbi sirləri qorumaq öhdəliyim olduğuna görə detallar barədə danışa bilmirəm. Bircə onu deyə bilərəm ki, həqiqətən, şərəfli günlər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəfli bir tarix yazdıq və doğma torpaqlarımızı işğaldan azad etdik. Bu gün də tələb olunsa, yenidən döyüşməyə və ölməyə hazırıq”, - deyə Niftiyev fikrini yekunlaşdırır.