“Silahlı Qüvvələrimizi və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik” - PREZİDENT

“Silahlı Qüvvələrimizi və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik” -

İlham Əliyev: “Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına daim xüsusi önəm verir”

“Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir”.

“Avronews” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.

“Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır”, - deyə dövlət başçısı bildirib.

Əlavə edib ki, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirilməklə, Azərbaycan Silahlı Qüvvələri və ölkəmizin müdafiə qabiliyyəti daha da gücləndiriləcək: “Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir”.