Vətəndaşlara hava xəbərdarlığı
Qeyri-sabit hava şəraiti həftənin sonunadək davam edəcək
Bakı və Abşeron yarımadasında həftə sonunadək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. “Avronews” xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur: “Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır. Gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq”.
“Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur”, - deyə Məmmədova bildirib.
Əlavə edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.