Rusiya məhkəməsindən iki azərbaycanlı barədə hökm: birinə 15 il, digərinə...

Rusiya məhkəməsindən iki azərbaycanlı barədə hökm: birinə 15 il, digərinə...

İttihama görə, borc sahibi evində pusquya salınaraq güllələlənib

Avqustun 25-də Rusiyanın Omsk Vilayət Məhkəməsi iş adamı Dmitri Vorobyovun qətli ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. Müttəhimlər kürsüsündə iki nəfər var idi: 52 yaşlı Qabil İsmayılov - tamah məqsədi ilə adam öldürməkdə və qanunsuz silah alverində ittiham olunurdu; 46 yaşlı Famil Məmmədov - şəxsi maddi maraq niyyəti ilə qətldə şərik olub. İstintaq onların hər ikisinin cinayətdə əli olduğunu güman edib.

Xatırladaq ki, “Tent-Service 55” şirkətinin 52 yaşlı sahibi Dmitri Vorobyov 2021-ci il martın 22-si axşam saatlarında öldürülüb. Onun meyiti martın 23-ü səhər saatlarında oğlu tərəfindən tapılıb. İş adamının qarın və qol nahiyəsində güllə yaraları olub.

İstintaq zamanı məlum olub ki, qətl tamah məqsədi ilə törədilib. 2021-ci ilin sonunda Omskda həmin vaxt tərəvəz və meyvə satışı ilə məşğul olan Qabil İsmayılov bir iş adamından aylıq faizlə iki milyon rubl kredit götürsə də, borcunu qaytara bilməyib. Bu da qətlin motivi olub.

Həmin şəxs satıcı dostu Famil Məmmədovu cinayəti törədən zaman onu sığortalamağa razı salıb. Sui-qəsd üçün ortaqlar tibbi əlcəklər və maskalar taxıblar. İttihama görə, onlar borc sahibi olan sahibkarı evində pusquya salıb və 9 mm çaplı patronlarla təchiz edilmiş “Makarov” tipli tapançadan səsboğucu ilə atəş açıblar. Vorobyov aldığı yaralardan yerindəcə keçinib.

İsmayılov Tümendə, Məmmədov isə Pyatiqorskda saxlanılıb. Atəş açan şəxs günahını qismən boynuna alıb, lakin ortağı özünü təqsirli saymayıb.

Məhkəmə Qabil İsmayılovu hər iki maddə üzrə təqsirli bilib. O, ciddi rejimli koloniyada 15 il müddətinə azadlıqdan məhrum edilib. Famil Məmmədovun qətldə şərikliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilib.

(12-kanal.ru)