Kreml Vardanyanı niyə “vurdu”?

Kreml Vardanyanı niyə “vurdu”?

Baş verənlərin arxasındakı niyyət ondan ibarətdir ki...

Dünən Vardanyan xəbəri yayılan ilk anda bunun "Münhen sövdələşməsi"nin nəticəsi ola biləcəyini düşünmüşdüm. Lakin indi Rusiyanın qərarı olduğuna inanıram.

Avropa Birliyinin Ermənistanda uzunmüddətli missiya yerləşdirmək qərarından ani şok keçirən Moskva Cənubi Qafqazda mövqelərini itirə biləcəyi təhlükəsinin fərqinə vardı və Vardanyanı səhnə önündən geri çəkərək Azərbaycana doğru bir addım atmış oldu.

Burada Moskvanın təməl məqsədi Ermənistanın və Azərbaycanın Rusiya maraqlarına qarşı ortaq hərəkət etməsi ehtimalını aradan qaldırmaq, belə bir zəminin formalaşmasına imkan verməməkdən ibarətdir.

Digər yandan, klassik imperialist "dovşana qaç, tazıya tut" strategiyasının tərkib hissəsi olaraq, öncə "eşşəyimizi itirib", sonra tapmağa yardımçı olmaqla bizi sevindirmək siyasəti də var.  

Bu arada, "Zəngəzur dəhlizi" layihəsinin (eksterritorial statusda, Rusiyanın nəzarətində) səssiz-səmirsiz gündəmdən çıxdığını görürük. Prezident İlham Əliyevin Münhendə səsləndirdiyi təklif əslində bunun etirafı idi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə nəinki dəhlizin olmayacağını, hətta Naxçıvan MR-i Azərbaycanın digər hissəsi ilə əlaqələndirəcək yolu da Rusiyanın nəzarətinə verməyəcəklərini bildirib. O, Rusiyanın Ermənistana ötürdüyü təbii qazı kəsməsi variantını da istisna etmədiklərini və buna qarşı alternativlər axtaracaqlarını bəyan edib.

Bu sözərin tərcüməsi budur ki, Ermənistan hökuməti Rusiyanın təzyiqinə və şantajına boyun əymək niyyətində deyil. Görək, hara qədər gedəcəklər...

Müəllif: Şahin Cəfərli (politoloq)

Mənbə: “Facebook”