Ermənistan Səhiyyə Nazirliyi: 1 ölü, 57 yaralı var
“Yaralananlardan 36 nəfərin vəziyyəti orta ağırdır”
Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 57 nəfərə çatıb.
“Avronews” Ermənistan Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.
“Yaralananlardan 36 nəfərin vəziyyəti orta ağırdır. Digər 21 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir”, - deyə rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, partlayış bu gün yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.
Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.