Azərbaycanda iki növ yanacağın qiyməti qalxdı – SOCAR “bizlik deyil” deyir
“Aİ-95” premium markalı benzinin qiyməti 2 manata, “Aİ-98” super markalı benzinin qiyməti isə 2,3 manata qalxıb
Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzin növlərinin qiymətləri bahalaşıb. “Avronews” xəbər verir ki, “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşaraq (əvvəl 1,6 manat idi) 2 manata qaldırılıb. “Aİ-98” super markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata qalxıb.
“SOCAR Petroleum” QSC-dən verilən məlumata görə, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98" markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb. Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.