“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında yeni imkanlar açılır”
İlham Əliyev: “Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı çox sevindirir”
“Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq aləmdə layiqli yer tutub. Bu gün Prezident Kasım-Jomart Tokayevin qətiyyətli rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir”.
“Avronews” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubunda əksini tapır.
“Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir. Qazaxıstan Prezidentinin bu ilin avqustunda Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar açır”, - deyə məktubda bildirilir.
Bu yaxınlarda Astanada Tokayevlə görüşümü xatırlayan Əliyev əminliyini ifadə edir ki, əməkdaşlığın perspektivləri ətrafında aparılan ətraflı fikir mübadiləsi və müzakirələr Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcək: “Mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək”.