“Azərbaycan etibarlı tərəfdaşdır” – YOHANNİS
Rumıniya Prezidenti: “Azərbaycan qazı bütün region ölkələrinin enerji təchizatına stabillik gətirib”
“Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir”.
“Avronews” xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında açıqlama verib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib. Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır”, - deyə Yohannis bildirib.
Rumıniya Prezidentinin sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: “2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Avropa İttifaqı hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.