Türkmənistanda Azərbaycan və Rusiya saytları bloklandı
Bütün xarici bankların və ödəniş sistemlərinin saytlarına giriş də qadağan edilib
Türkmənistanda Rusiyanın bütün xəbər saytları bloklanıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Məlumata görə, Türkmənistanda bütün Rusiya xəbər saytları, o cümlədən “RİA Novosti”, TASS və RBC, eləcə də televiziya şirkətlərinin saytlarına giriş bloklanıb.
Qeyd edilir ki, bunlar Türkmənistanda son vaxtlara qədər girişi pulsuz olan sonuncu xarici xəbər resurslarıdır. Üstəlik, giriş mobil proqramlar vasitəsilə də bloklanıb.
Türkmənistanda şənbə günü VPN xidmətlərinin işində nasazlıqlar qeydə alınıb, onların respublika ərazisində dayandırılması barədə məlumatlar həftənin ortalarından daxil olub.
Həmçinin, Türkmənistanda tətbiqlərin “App Store” və “Microsoft Store” vasitəsilə yüklənməsi dayandırılıb. “Windows” üçün yeniləmələr də mövcud deyil.
Demək olar ki, bütün xarici bankların və ödəniş sistemlərinin saytları da bloklanıb.
Türkmənistanda rus media resurslarından başqa, Azərbaycan saytları da bağlanıb. Əvvəllər eyni aqibət qazax və qırğız saytlarının başına gəlmişdi.
Yerli media xəbər verir ki, ötən gün Türkmənistanda saytlara təhlükəsiz giriş xidmətləri göstərən Amerikanın “Cloudflare” şirkətinin xidmətləri bloklanıb.
Türkmənistanda bir neçə ildir ki, sosial şəbəkələr və əksər messencerlər bloklanıb.