Turana qarşı “Ariana” – Gizli plan

Turana qarşı “Ariana” –

İranda farsların inqilabı startdadır

Tehran küçələrindəki toqquşmalar, bir başqa, daha vacib qütbləşmənin - İrandakı hakimiyyətdaxili ziddiyyətlərin təzahürüdür. İranda iki gizli, dərin dövlət var – bir tərəfdə mehdiçilər və hüsseyniçilər, yəni Xameneyinin gizli, qeybi qüvvələri, digər tərəfdə “Ariana”çılar, yəni Şah dövründə qalma irqçi “Ariana” layihəsi.

İranın xarici işlər naziri Abdullahiyan Qafanda elan etdiyi “Hindistan+Ermənistan+İran” üçlüyü də bu “Ariana” layihəsinin ilk ictimai təqdimatı sayılmalıdır.

Şah rejiminin ideoloji narrativi – “Ariaçılıq” ilk dəfə, fikir verin, 1979-cu il İslam İnqilabından sonra birinci dəfə açıq-aydın yenidən İran ictimai-siyasi gündəliyinə qayıdır. “Ariana”, bilin, sırf fars irqçi layihəsidir. 

Hitler Almaniyasının təsiri ilə hələ ötən əsrin 20-30-cu illərində İranda məskunlaşmış bu irqçi layihə, sonralar - 1963-cü ildə, Şah İranının bir növ rəsmi veb saytına çevrilir. Azca redəktə edilərək “Ağ İnqilab” adıyla millətə sırıdılır.

Sonralar - 1998-2001-ci illərdə İrandakı fars irqçiləri bu layihəyə ikinci nəfəs verirlər.

“Ariana” layihəsi, adına “İslahatçılar” deyilən siyasi düşərgənin, yəni Xatəmi, Cavad Zərif, Ruhani qruplaşmasının məxfi ideolojisina çevrilir. Bu narrativə görə, Böyük İran - ana hədəfdir.

Böyük İran isə, ilk növbədə Hindistan, Tacikistan, Əfqanistan, Ermənistan, hətta Osetiyadan ibarətdir.

Layihədə əsas fiqur heç də ölkənin Ali dini rəhbəri Xameneyi deyil. Hindistandakı Zərdüşt icmasının liderləridir.

“Ariana” layihəsi İranda “İsfəhan-Ərdəhan” qruplaşmasının iti caynağındadır. Qruplaşma SEPAH (Əli Fədəvi, Hüseyn Səlami) ilə İran XİN nümayəndələrini (Abdullahiyan və s. i.) birləşdirir.

Azərbaycanı təhqir və təhdid edən bu millətçi çete, əslində, Vilayəte-fəqihi nişana götürüb, nəinki rəsmi Bakını.

“Ariana”çılar yaxşı bilirlər ki, İrandakı şiə qüvvələrinin ana yuvası o taylı-bu taylı Azərbaycandır. Bilirlər ki, Ermənistanı dəstəkləməklə hər iki Azərbaycanda Xameneyinin mövqelərini laxladırlar.

Qısası, İranda farsların inqilabı startdadır. Farslar, mehdiçiliyi, hüsseynçiliyi, qısaca, şiəliyi ləğv edib, əvəzində “Ariana” ideologiyasını Şərqin yeni səhərinə çevirmək istəyirlər. Farslar bu “Ariana”nı həm də gələcək Turanın baş düşməni bilərlər.

Müəllif: Həmid Herisçi (yazıçı, publisist, iranşünas)

Mənbə: “Facebook”