Qarabağda iqtisadi dirçəlişin başlanğıcı – Əlavə 9 milyard dollar
İşğaldan azad olunan ərazilər Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracaq
Düz 1 il öncə - oktyabrın 26-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın "hava qapısı"nın açılışını etdi. Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və gələn il ilkin məskunlaşma olacağı gözlənilir. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq.
Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib. Ötən bir ildə xüsusən Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub.
Füzuli şəhərinin Baş planına uyğun olaraq həm yaşayış binalarının, həm də sosial-inzibati obyektlərin inşası həyata keçirilir. 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir.
Məskunlaşmadan sonra mütəmadi, cədvəl üzrə reyslər həyata keçiriləcək. Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək.
Ötən bir il göstərdi ki, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir, işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsinə baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub. Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir.
Eyni zamanda, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhvə vermiş olacaq. Füzuli Hava Limanı Qarabağımızın Azərbaycana iqtisadi re-inteqrasiyası baxımından vacibdir.
İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra onun Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 9 milyard manata yaxın yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək.
Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)
Mənbə: “Facebook”