NATO narahatdır: Rusiya “Poseydon”u buraxa bilər
“Nüvə başlığı ilə təchiz edilmiş bu torpedo radioaktiv sunamiyə səbəb ola bilər”
NATO Rusiyanın Karsk dənizindəki “Belqorod” atom sualtı qayığından “Poseydon” nüvə super torpedosunu buraxacağından narahatdır. Bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır.
Nəşrin məlumatına görə, nüvə başlığı ilə təchiz edilmiş torpedo “radioaktiv sunami” yarada bilər: “NATO kəşfiyyatı ən mühüm müttəfiqlərinə “Belqorod” sualtı qayığının hərəkətləri və “apokalipsisin silahı” adlandırılan “Poseydon” super torpedosunun mümkün sınağı haqqında hesabat göndərib”.
“Nüvə başlığı ilə təchiz edilmiş “Poseydon” torpedası radioaktiv sunamiyə səbəb ola bilər. Ekspertlər onun buraxılışının təsirini qitələrarası ballistik raketin buraxılışı ilə müqayisə edirlər”, - deyə “La Repubblica” izah edir.
Eyni zamanda, ABŞ-ın Rusiya raketlərinin buraxılışını izləmək üçün infraqırmızı sensorlarla yaratdığı peyklər “Poseydon” məsələsində tamamilə yararsız olacaq: “Super torpedo elə qurulub ki, çox az istilik yayır və 100 km/saatdan çox sürətlə səssizcə hərəkət edir”.
Nəşr onu da əlavə edir ki, Qərb kəşfiyyatı sualtı qayığın heç vaxt Ağ dənizdən kənara çıxmadığına və orada sınaqdan keçirildiyinə əmindir.
Xatırladaq ki, “Poseydon”un Rusiyada peyda olması ilk dəfə 2018-ci ildə Prezident Vladimir Putinin Federal Məclisə göndərdiyi mesajda deyilmişdi. Daha sonra Müdafiə Nazirliyi super torpedonun sınaqlarını nümayiş etdirib.