Bayramovdan Lavrova: “Guya, Laçın yolunun bağlanması...”
XİN başçısı: “Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsi keçir”
Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur.
“Avronews” Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı deyib.
“Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb", - deyə XİN-in məlumatında bildirilir.