Baş nazir: “Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”

Baş nazir: “Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”

“İşğaldan azad edilmiş ərazilərə qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır” – Əli Əsədov

“Hamımız böyük fəxr və qürur hiss edirik ki, 2 il bundan əvvəl işğal altındakı torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq, milli prioritetləri təsdiq edib”.

“Avronews” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır: “Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Milli prioritetlərin icrası iki dövrə bölünür. Birinci dövr 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.

“İlkin hesablamalara görə, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur. Bunun 58 %-i azad edilmiş ərazilərə yönəldiləcək. Son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”, - deyə Əsədov vurğulayıb.