İşğaldan azad edilmiş ərazidə böyük təhlükənin qarşısı alınıb
Ağdamda dörd minadan ibarət tələ-minası aşkar edilib
Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında qeyd olunub.
Məlumata görə, 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina partlayışının qurbanı olub: “ANAMA tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkar edilib”.
Qeyd olunur ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub: “Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir”.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər. Rast gəldikləri naməlum əşyalara toxunmaq, zərbə yetirmək və ya müdaxilə etmək qəti qadağandır!