İranın Cənubi Qafqaz narahatlığı: “Heç bir dəyişikliyi qəbul etməyəcəyik”
İbrahim Rəisi ilə Nikol Paşinyan arasında telefon danışığı olub
“İran Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək. Tehran bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır”.
“Avronews” İran mediasına istinadən bildirir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
O, 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanata istinad edərək bildirib ki, atəşkəs razılaşmasına əməl etmək, qalan məsələləri dialoq və diplomatik yollarla həll etmək Qafqaz regionunda təhlükəsizliyin və əmin-amanlığın bərpasının ən yaxşı yoludur.
Öz növbəsində Paşinyan İran Prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalar barədə məlumat verib. Qeyd edib ki, Ermənistan İranla yol və enerji sektorlarında əməkdaşlığı genişləndirməyə, eləcə də iki tərəf arasında malların tranzitini asanlaşdırmağa hazırdır.